Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclər Fondunun birgə tədbirlər planı çərçivəsində həftə sonuna kimi 10-17 Noyabr–Tələbə Gənclər Həftəsi ilə bağlı ardıcıl tədbirlər keçiriləcək. Bu gün təşkil olunan film nümayişi və motivasiya yönümlü təlimlə həftəlik proqramın icrasına start verilib.
Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Milli Qəhrəman Mübariz İbarahimovun ömür və döyüş yolundan bəhs edən “Mübariz” tam metrajlı bədii filmi nümayiş edilib. Ekran əsəri tədbirdə iştirak edən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının böyük marağına səbəb olub.
Tələbə Gənclər Həftəsi çərçivəsində keçirilən digər tədbirdə tələbələr üçün psixologiya təlimi keçirilib. Təşkilatçı qurumların nümayəndələri Valeh Mahmudov və Fatimə Yusifli iştirakçıları əlamətdar həftə ilə bağlı təbrik edib, tədbirlərin mahiyyəti və xronologiyası haqqında danışıblar. Sonra uzman klinik psixoloq Ayaz Seyidli və psixoloq Leyla Əliyevanın təqdimatında təlim başlanılıb.
Təlimçilər uğura gedən yolda psixologiyanın rolu barədə danışıb, iştirakçılarla seans təşkil edib və test vərəqlərinin nəticəsi əsasında onlara müşahidələrini, fikirlərini çatdırıblar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti